CƏMİYYƏT
Masallıda tanınmış alim və pedaqoq Rahib Əliyevin 75 illiyi qeyd edilmişdir
Masallı, 7 mart (AZƏRTAC). Masallı şəhərindəki Gənclər mərkəzində Azərbaycan Tibb Universitetinin tibbi biologiya və genetika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru, tanınmış pedaqoq Rahib Əliyevin anadan olmasının 75 illiyi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə qeyd olunmuşdur ki, Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açmış Rahib Əliyev 45 il çalışdığı Azərbaycan Tibb Universitetində alim və müəllim kimi elmi pedaqoji fəaliyyətində böyük uğurlar əldə etmiş, çoxsaylı elmi əsərlər, dərsliklər, məlumat və lüğət kitabları, tədris vəsaitləri və proqramları hazırlamış, məqalələr çap etdirmiş, bütün bilik və bacarığını gənc nəslin təlim-tərbiyəsinə, peşəkar və yüksək hazırlıqlı, geniş dünyagörüşünə malik həkim kadrlarının hazırlanmasına həsr etmişdir.
R.Əliyev istedadlı alim olmaqla bərabər, həm də görkəmli pedaqoqdur. Pedaqoji fəaliyyəti dövründə o, 60 mindən çox tələbəyə biologiya elminin sirlərini öyrətmiş, onların yüksək ixtisaslı həkim və ləyaqətli vətəndaş kimi yetişməsində bilik və bacarığını əsirgəməmişdir.
Tədbirdə Azərbaycan Tibb Universitetinin tibbi biologiya və genetika kafedrasının müdiri, professor Canbaxış Nəcəfov, professor İbadulla Ağayev, Prezident təqaüdçüsü Şirvan Əbilov, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Xalq Artisti Canəli Əkbərov, professor Eyyub Əzizov, professor Fəxrəddin Məmmədov və başqaları çıxış edərək R.Əliyevin mənalı ömür yolundan söhbət açmış, yubilyara ən xoş arzularını çatdırmışlar.
Mərasimdə rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.