REGİONLAR
Masallıda “Zəfərə gedən yol” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib
Masallı, 2 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 2-də “Masallı gənclər evi” sosial xidmət müəssisəsində rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” mövzusunda IX-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa-yazı müsabiqəsinin yekun nəticələrinə əsasən, Masallı şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Türkan Əsgərli birinci, Banbaçı kənd tam orta məktəbin IX sinif şagirdi Nuriyyə Rufullayeva ikinci, “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Aydan Mehtiyeva üçüncü yerə layiq görülüblər.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Təhsil Şöbəsinin metodisti Əkbər Mahmudov yarış iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallı rayonundan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.