SİYASƏT
MDB ölkələri dövlətlərarası informasiya cəmiyyətinin inkişaf strategiyalarını müzakirə etmişlər
Minsk, 19 iyul (AZƏRTAC). Müstəqil Dövlətlər Birliyinin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İssık-Kulda MDB üzvü olan dövlətlərin Rabitə sahəsində Regional Birliyin Rabitə Administrasiyalarının Rəhbərləri Şurasının (RAR Şurası) 48-ci iclası və RAR Şurası yanında MDB üzvü olan dövlətlərin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 19-cu iclası keçirilmişdir.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın, habelə müşahidəçilər kimi Bolqarıstan, Latviya, Litva, Sloveniya, “İntersputnik” beynəlxalq kosmik rabitə təşkilatının nümayəndə heyətləri, Beynəlxalq Elektrik Rabitə İttifaqının (BERİ), MDB İcraiyyə Komitəsinin və Panafrika Poçt İttifaqının (PAPU) nümayəndələri iştirak etmişlər.
RAR Şurası MDB ölkələrinin elektrik və poçt rabitəsi sahəsində əməkdaşlığına şərait yaradır. Şuranın fəaliyyətinin əsas istiqamətləri: ümumi informasiya məkanının yaradılması, informasiya-kommunikasiya texnologiyaları sahəsində tərəfdaşlıq münasibətlərinin nizamlanması, normativ-hüquqi bazanın unikallaşdırılması, informasiya təhlükəsizliyi problemlərinin həlli məsələləridir.
İclasın gündəliyinə əməkdaşlıqla bağlı bir sıra aktual məsələlər daxil edilmişdir.
Tədbirin birinci günündə iştirakçılar MDB üzvü olan ölkələrin informasiya cəmiyyətinin qurulması və inkişafı sahəsində 2015-ci ilə qədər olan dövr üçün əməkdaşlıq strategiyasının həyata keçirilməsinə dair informasiya mübadiləsi etmişlər. Beynəlxalq elektrik rabitəsi ittifaqının bu il keçirilmiş forumlarında regional rabitə administrasiyalarının iştirakının yekunları da müzakirə edilmişdir.
Bundan əlavə, müvafiq ölkələrin nümayəndələri internet şəbəkəsində MDB üzvü olan dövlətlərin transsərhəd etimad məkanının yaradılması ilə bağlı aktual məsələlər, yüksək texnologiyalar sahəsində texnoparklar yaradılması, mobil rabitə şəbəkələrində telefon nömrələrinin ölkələrarası daşınması sisteminin tətbiq edilməsi və bir sıra başqa problemlərə toxunmuşlar.
Rabitə sahəsində Regional Birliyin rabitə administrasiyalarının rəhbərləri rabitə xidmətlərinin, o cümlədən rouminq xidmətlərinin qiymətinin azaldılması barədə bəyannaməni təsdiq edilmək üçün MDB Hökumətlərarası Şurasına təqdim edəcəklər.
İclasda qeyd edilmişdir ki, hazırda demək olar ki, bütün MDB ölkələrində rabitə xidmətlərinin qiymətinin azaldılması üzrə iş aparılır. RAR Şurası rouminq tariflərinin nizamlanması təcrübəsini nəzərdən keçirmişdir. Məlum olmuşdur ki, milli qanunvericiliklərə müvafiq dəyişikliklər edilmədən qiymətlərin azaldılması qeyri-mümkündür.
Bununla əlaqədar, Şuraya təklif edilmişdir ki, operatorlararası qarşılıqlı hesablaşmaların ümumi prinsipləri MDB hökumətlərarası şurasının müzakirəsinə göndərilsin, sonra isə bilavasitə hər bir ölkədə müvafiq tədbirlər görülsün.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk