CƏMİYYƏT
Məcburi köçkünlər üçün yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Yaşayış evlərinin, yataqxanaların, mehmanxanaların, inzibati binaların, mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərin yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində məqsədyönlü işlər görən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) qış mövsümünün başlanması ilə əlaqədar maarifləndirici tədbirləri davam etdirir.
Növbəti belə bir tədbir Mingəçevirdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Yeni həyat” şəhərciyində keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, DYNX-in Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları məcburi köçkünlərlə görüşdə bildirilmişdir ki, yanğın hadisələrinin böyük əksəriyyəti elektrik qurğularının istismarı, elektrik avadanlığı və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması üzündən baş verir. Artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər də yanğınların baş verməsinə şərait yaradır. Vətəndaşların diqqətinə çatdırılmışdır ki, evlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması, qaz və elektrik cihazlarından düzgün istifadə olunmaması, uşaqların odla dəcəlliyinə etinasız münasibət insan itkisi, külli miqdarda maddi ziyanlarla nəticələnən böyük yanğınlara səbəb olur.
Yanğına qarşı təbliğat xarakterli söhbətlərdə evlərdə qızdırıcı sobalardan istifadə edərkən yanğın təhlükəsizliyinə xüsusilə ciddi diqqət yetirilməsi, yanar maddələrin sobadan ən azı 60 santimetr aralıda yerləşdirilməsi sakinlərin nəzərinə çatdırılmışdır.
Tədbirdə qaz təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək və təmiz olmaması, standartlara uyğun gəlməyən qaz cihazlarından istifadə və s. kimi halların yanğın, partlayış, zəhərlənmə kimi təhlükə yaratması xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, uşaqların odla dəcəlliyinə yol verilməməli, azyaşlılar daim nəzarət altında olmalıdırlar.