MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyində Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının üzvləri ilə görüş olmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Mədəniyyət və Turizm Nazirliyində Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının Bakıda işgüzar səfərdə olan üzvləri ilə görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq ölkəmizdə muzey işinin inkişafı barədə qısa məlumat vermişdir.
Ə.Qarayev qeyd etmişdir ki, Azərbaycan dövləti muzeylərin inkişafına, muzey işinin təkmilləşdirilməsinə böyük diqqət yetirir. Azərbaycanda köhnə muzeylər bərpa olunur, yeniləri tikilir. Elektron kataloqlara keçid işi əsasən başa çatdırılmışdır. Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikintisi başa çatmaq üzrədir.
Görüşdə bu sahədə təcrübə mübadiləsi və müştərək tədbirlər həyata keçirilməsinin zəruri olması vurğulanmışdır.