CƏMİYYƏT
Media sahəsi üzrə təhsil alan tələbələr və gənc jurnalistlər üçün www.gelbirolaq.com multimedia platforması istifadəyə verilib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycanda media sahəsi üzrə təhsil alan tələbələr və gənc jurnalistlərin koronavirus pandemiyası zamanı peşəkar biliklərini və ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmələri məqsədilə #GelBirOlaq (www.gelbirolaq.com) multimedia platforması istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, multimedia platformasında jurnalistika və bənzər ixtisaslarda təhsil alan tələbələr, gənc jurnalistlər, həmçinin ingilis dilində məqalələr yaza bilən hər kəs faydalana bilər.
Təşəbbüsə beynəlxalq multimedia mütəxəssisi və təlimçisi Dan Meyson rəhbərlik edir. Layihənin məqsədi problem və onun həllinə yönəlmiş məqalələr əsasında Azərbaycanda ingilis dilli jurnalistikanın inkişafına dəstək olmaqdır. D.Meyson bildirib ki, medianın hazırkı böhranda həm faktları əks etdirməsində, həm də dövlət, vətəndaş və müxtəlif təşkilatların koronavirus problemini aradan qaldırmaq üçün birgə çalışdıqlarını göstərməkdə çox vacib rolu var. Çətin bir dövrdən keçirik. Hər kəs öz sahəsi üzrə bacardığı dəstəyi göstərməyə çalışır. Azərbaycan dövləti bu istiqamətdə çox düzgün və operativ tədbirlər həyata keçirməkdədir. Biz media nümayəndələrinin üzərinə də insanları informasiya ilə təmin etmək düşür.
D.Meyson media nümayəndələrini mövcud multimedia üsullarından daha çox istifadə etməyə, rəqəmsal dünyanın imkanlarından maksimum yararlanmağa çağırıb və bu platformanın hər kəs üçün açıq olduğunu deyib. Bu tələbələr və gənc jurnalistlərin diqqətini müsbət hekayələrə yönəltmək, ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmək və peşəkar təcrübə qazanmaqları üçün imkandır. www.gelbirolaq.com vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar məlumatları vahid platformadan paylaşmaq və aparılan sosial kampaniyalara dəstək göstərilməsi də nəzərdə tutulub.
Təqdim olunan materiallar yazılı, video və ya audio formatda ola bilər və bütün işlər mövcud qaydalara riayət etməklə evdən hazırlana bilər. Multimedia platformasında koronavirus şəraitində sosial çağırışlar, təhsil, səhiyyə, idman, əyləncə, qidalanma və sair istiqamətlərdə məlumatların yayılması planlaşdırılır.
Seçim turundan uğurla keçən məqalələr, qeyri-kommersiya məqsədli www.HYPERLINK “http://www.gelbirolaq.com/” HYPERLINK “http://www.gelbirolaq.com/” HYPERLINK “http://www.gelbirolaq.com/”gelbirolaq.com platformasında Azərbaycan və ingilis dillərində yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilis dilli idman jurnalistikası magistr proqramı tələbələrinin hazırladıqları materiallar artıq saytda əksini tapıb.
Layihənin həmtəsisçisi Ellada Mustafayeva vurğulayıb ki, işıqlı gələcəyi düşünən, bir-birini dəstəkləyən, istənilən vəziyyətdə və şəraitdə özünü inkişaf etdirmək istəyənlər bu layihəyə qoşula bilər. Həqiqətən də biz birlikdə güclüyük.