DÜNYA
Meksika Prezidenti ölkənin rəsmi adının dəyişdirilməsini təklif etmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Meksika Prezidenti Felipe Kalderon ölkənin rəsmi adının dəyişdirilməsi təşəbbüsü ilə dekret layihəsini noyabrın 23-də parlamentə göndərmişdir.
AZƏRTAC xəbər verir ki, o, “Birləşmiş Ştatlar” formulunu respublikanın adından çıxarmağı və gələcəkdə onu sadəcə “Meksika” adlandırmağı təklif etmişdir.
“Meksika Birləşmiş Ştatları adı 1924-cü il Konstitusiyasına əsasən qəbul edilmişdir, hərçənd o vaxt bir çox digər təkliflər də irəli sürülmüşdür. O bildirmişdir ki, həmin dövrdə qanunvericilərin bir hissəsinə belə bir fikir təsir göstərmişdir ki, Amerika Birləşmiş Ştatları qitənin müstəqillik əldə etmiş digər dövlətləri üçün demokratiya və azadlıq nümunəsidir”.
Kalderon demişdir: “Buna baxmayaraq, ölkə sakinlərinin böyük əksəriyyəti öz vətənini sadəcə Meksika adlandırır və bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Amerika Dövlətləri Təşkilatında da bu addan istifadə olunur”. Onun fikrincə, respublikanın rəsmi adı “Birləşmiş Ştatlar” formulu olmadan əhalinin etnik və mədəni köklərinə daha çox uyğun gəlir.
F.Kalderon demişdir: “Ölkənin adının dəyişdirilməsi təşəbbüsü parlamentin gözdən keçirdiyi digər islahatlar qədər təcili deyildir, lakin çox əhəmiyyətlidir”.
Meksika Milli Konqresində bundan əvvəl də belə təkliflər irəli sürülmüşdür, lakin onlardan heç biri lazımi səviyyədə dəstəklənməmişdir. Məsələn, bir çox qanunvericilər bildirirdilər ki, ölkənin indiki rəsmi adı 180 ildən çox mövcud olmuşdur və hazırda ondan imtina etməyin zəruri olduğunu başa düşmək çətindir. Bundan əlavə, yeni gerb möhürlərinin və blanklarının hazırlanmasına dövlət xəzinəsindən xeyli vəsait tələb olunacaqdır.