DÜNYA
Meksikada enerji sektoru özəlləşdirilir
Bakı, 8 avqust (AZƏRTAC). Meksika senatı ölkənin rəqabət gücünü artırmaq və iqtisadi inkişafını artırmaq məqsədilə enerji sektoruna xüsusi investisiyaların cəlb olunması ilə bağlı qanun qəbul edib.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu qanuna əsasən yerli və xarici investorlar Meksikanın neft, qaz və elektrik sektorlarında sərbəst fəaliyyət göstərə biləcəklər. Həmçinin özəl və yerli şirkətlərə ölkədə neft axtarışı, istehsalı və satışını həyata keçirmək hüququ da verilib.
Sentyabrda Meksikanın Enerji Nazirliyi yeni neft və qaz axtarışların aparılması üçün lisenziyaların verilməsini elan edəcək. Gələn il reallaşdırılacaq tenderlərə “Shell” və “Exxon Mobil” dünyanın tanınmış neft şirkətlərinin marağı böyükdür. Özəlləşdirmənin Meksikada neft və qaz istehsalının artmasına, ölkədə elektrik enerjisinin qiymətlərinin aşağı düşməsinə səbəb olacağı bildirilir.
Qeyd edək ki, Meksikada neft sektoru 1938-ci ildən bəri dövlətin nəzarətində idi.