DÜNYA
Meksikada narkokartellərlə əlaqədar ölüm halları artmışdır
Vaşinqton, 29 mart (AZƏRTAC). Meksikada narkokartellərin hakimiyyətlə müharibəsi nəticəsində zorakılığın miqyası genişlənir. Martın 28-də Meksikanın Uruapan şəhərində yeddi vətəndaş nümayişkaranə şəkildə öldürülmüşdür. Onları güllələmiş və şəhərin mərkəzi meydanında yeddi ağ stulda oturdulmuş vəziyyətdə buraxıb getmişlər. Ekspertlərin fikrincə, narkokartellərlə bağlı ölümlərin sayı artır. “Human Rights Watch” hüquq müdafiə təşkilatının məlumatlarına əsasən, 2006-2012-ci illərdə 60 mindən çox adam öldürülmüşdür. Sadə vətəndaşlardan savayı, narkokartellərlə əməkdaşlıq etməyən 24 şəhər meri qətlə yetirilmişdir. Qalmaqala səbəb olan sonuncu cinayət əməli gənc şəhər meri Mariya Santos Qoppostietanın öldürülməsi olmuşdur. M.Qoppostieta iki dəfə ölümlə üzləşmiş, onun əri kartellərdən biri tərəfindən öldürülmüşdür. Lakin buna baxmayaraq, o, həyatının son anlarınadək narkomafiya ilə mübarizəni davam etdirmişdir.
CNN telekanalının məlumatına görə, Meksikanın yeni seçilmiş prezidenti Enrike Penya Nyeto kömək üçün, xüsusilə, Amerika xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat məlumatları mübadiləsinin genişləndirilməsi məqsədi ilə ABŞ hakimiyyətinə müraciət edəcəkdir. ABŞ Prezidenti Barak Obamanın bu ilin mayında Meksikaya rəsmi səfərə gələcəyi gözlənilir.
Yusif Babanlı
Vaşinqton