ELM VƏ TƏHSİL
Məktəbəqədər yeni təhsil kurikulumu üzrə təlimlər keçirilir
Bakı, 12 aprel (AZƏRTAC). Respublikamızda yanvar ayından başlayaraq məktəbəqədər təhsil üzrə təlimçilərin hazırlanması işinə başlanılmış və hazırda uğurla davam etdirilir. Təlimlər Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən təhsil sektorunun inkişafı üzrə ikinci layihə çərçivəsində BMT-nin Uşaq Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilir.
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, təlimdə respublikanın müxtəlif bölgələrindən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi, metodist, müdir və rayon təhsil şöbələrinin inspektor və metodistləri iştirak etmişlər. Məktəbəqədər təhsil müəssisələrində işləyən pedaqoji işçilərlə bərabər, müvafiq ali təhsil müəssisələrinin müəllimləri, psixoloqlar bu işə həvəslə qoşulmuşlar.
Bu günədək 120 nəfər təlim kursunu bitirmiş və sertifikat almışdır. Təlimlər may ayının sonunadək davam edəcəkdir. İyun ayından başlayaraq, məktəbəqədər təhsil kurikulumunun tətbiqi üzrə təlimlərə dair ölkə üzrə təlim xidmətləri göstərilməyə başlanılacaqdır.