CƏMİYYƏT
Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
2020-ci ilin sonuna bu rəqəm 9100-ə çatacaq
Bakı, 29 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir. Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.
Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı.
2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 min 100-ə çatacaq.
Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam yekunlaşacaq.