İQTİSADİYYAT
Mərkəzi Bank nağdsız ödənişlərin inkişafı ilə bağlı keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan edib və qalib bankları mükafatlandırıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev ölkədə nağdsız ödənişlərin inkişafının AMB-nin fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu deyib. Bildirib ki, bu istiqamətlərdə Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, aidiyyəti dövlət qurumları, bank sektoru ilə birgə davamlı tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.
A.Quliyev qeyd edib ki, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində Mərkəzi Bankın bank sektoru ilə həyata keçirtdiyi layihələr, apardığı davamlı islahatlar statistik məlumatlarda da öz təsdiqini tapır. Belə ki, 2018-ci ildə banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 31 faiz artaraq 274 milyard manat (ÜDM-in 3,4 misli), kart dövriyyəsində nağdsız ödənişlərin həcmi isə 17 faiz təşkil edib. 5 il əvvəl bu göstərici 6 faiz olub. Elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18,7 dəfə artaraq 36,4 milyard manat, əməliyyatların sayı isə 7 dəfə artaraq 10,4 milyon ədəd təşkil edib: “Qeyd olunan bu göstəricilər onu deməyə əsas verir ki, ölkədə nağdsız ödənişlərin inkişafı, əhalinin maliyyə savadlılığının artırılması, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir”.
O, həmçinin rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək verən Prezident İlham Əliyevin 2018-ci ilin sentyabr ayında imzaladığı “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı diqqətə çatdıraraq qarşıya qoyulmuş yeni hədəflər və Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib: “Qlobal trendlər onu göstərir ki, dünyada bankçılıq fəaliyyətində rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox sürətli proseslər gedir. Nağdsız iqtisadiyyatın inkişafı bank-maliyyə sektorunun dayanıqlığı və onun resurs bazasının gücləndirilməsi deməkdir. Bu da öz növbəsində, xərcləri azaltmaqla banklar tərəfindən göstərilən xidmətlərin əlçatanlığını artırır, onların investisiya imkanlarını genişləndirir və iqtisadiyyata kredit qoyuluşlarının artımını sürətləndirir”.
“Məlumdur ki, bu istiqamətdə ölkəmizdə də genişmiqyaslı işlər aparılır. Dövlət Proqramı ölkənin nağdsız iqtisadiyyata transformasiyasının yeni və daha sürətli mərhələsinin başlanğıcını qoyub. Yüksək səviyyədə hazırlanmış olan bu Dövlət Proqramı ölkədə rəqəmsal ödənişlərin institusional mühitinin təkmilləşdirilməsi, bank sisteminin canlandırılması, sağlamlaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması, eləcə də bu sahədə maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi istiqamətləri üzrə çox geniş əhatəli, çoxsaylı prioritetləri özündə birləşdirir. Dövlət Proqramının həyata keçirilməsində Azərbaycan Banklar Assosiasiyasına da bir sıra tədbirlərin icrasında iştirak tövsiyə edilib ki, bu tədbirlərin reallaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək”, - deyə Z.Nuriyev qeyd edib.
Tədbirin sonunda 2018-ci ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 5 nominasiya üzrə qalib banklar mükafatlandırılıb. “POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə “Premium Bank” ASC, “Paşa Bank” ASC və “AccessBank” QSC, “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Unibank” KB ASC, “Kapital Bank” ASC, “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə “AGBank” ASC, “Unibank” KB ASC, “Expressbank” ASC, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə “Expressbank” ASC, “Naxçıvanbank” ASC, “Paşa Bank” ASC, “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə “Paşa Bank” ASC, “Expressbank” ASC və “AtaBank” ASC qalib olub.
Mərkəzi Bank Strateji Yol Xəritəsi və Dövlət Proqramı ilə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası və banklarla birgə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində əlaqəli fəaliyyətini davam etdirəcək.