SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ
Bakı, 15 may (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, Hindistanın Azərbaycandakı səfiri Debnad Şou mayın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Məzahir Pənahov bildirmişdir ki, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrin böyük tarixi vardır və bu, tarixin parlaq səhifələri kimi xatırlanır. Azərbaycan Sovet İttifaqının tərkibində olanda da Hindistanla çox yaxın dostluq əlaqələri yaranmışdı. Müstəqillik illərində münasibətlərimiz daha da inkişaf etmişdir.
Səfir dost ölkə olaraq Azərbaycanda bir çox sahələrdə, o cümlədən demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində böyük nailiyyətlər əldə olunduğunu bildirmişdir. Diplomat qeyd etmişdir ki, bu işdə seçki qurumlarının üzərinə böyük yük düşür.
O, Mərkəzi Seçki Komissiyasının sədrindən Azərbaycanın seçki sistemi və praktikası barədə ətraflı məlumat verməsini xahiş etmişdir.
MSK sədri qonağa seçki (referendum) qurumlarının təşkili və fəaliyyət prinsipləri, müşahidəçilik institutu, seçki qanunvericiliyi barədə məlumat vermiş, həmçinin ölkə vətəndaşlarının seçki hüquqlarının reallaşdırılması üçün mükəmməl qanunvericilik bazasının və dövlət başçısının siyasi iradəsinin mövcudluğunu qeyd etmişdir.
Səfir ətraflı məlumata görə təşəkkür etmiş və gələcəkdə səfirliklə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.