CƏMİYYƏT
Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunmasına kömək göstərir
Zaqatala, 14 oktyabr (AZƏRTAC). Zaqatala Rayon Məşğulluq Mərkəzi rayonun mövcud əmək ehtiyatlarından səmərəli istifadə olunmasına və qeyri-məşğul əhalinin işlə təmin edilməsinə kömək məqsədilə ardıcıl tədbirlər görür.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 9 ayı ərzində quruma müraciət etmiş 874 nəfərdən 619 nəfəri işaxtaran kimi qeydiyyata götürülmüşdür. Mərkəzin köməyi ilə 471 nəfər işlə təmin olunmuşdur. Sosial müdafiəyə daha çox ehtiyacı olan 11 nəfər kvota yerlərinə göndəriş almış, 30 nəfər ictimai işlərə, 24 nəfər isə peşə hazırlığı kursuna cəlb edilmişdir. Sentyabrda keçirilən sonuncu əmək yarmarkasında 105 nəfər işaxtaran vətəndaş işə göndəriş əldə etmişdir.
Gənclərin müxtəlif peşə və ixtisaslara istiqamətləndirilməsi məqsədilə Mərkəz tərəfindən “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfrans və “İşaxtaranların işə düzəlməsində sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir.