DÜNYA
Məşhur Hollivud aktyoru yüksək mükafat almışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Tanınmış Hollivud aktyoru və rejissoru Ben Stiller hər il təqdim edilən “Amerika Sinematek Mükafatı”na layiq görülmüşdür. Bu mükafat aktyora kinematoqrafiyaya töhfələrinə görə verilmişdir.
Mükafatın sayca 26-cı təqdimetmə mərasimi ötən həftənin sonunda Los-Anceles şəhərində olmuşdur. Təqdimat mərasimindən sonra aktyorun şərəfinə qala-gecə də təşkil edilmiş və gecədən əldə edilən gəlir “Amerika Sinematek” qeyri-kommersiya təşkilatının 1 illik fəaliyyətinə yatırılmışdır.
AZƏRTAC xəbər verir ki, aktyoru təbrik etməyə onun həmkarları Cenifer Eniston, Lora Dern, Uill Farell, eləcə də həyat yoldaşı, aktrisa Kristin Teylor gəlmişlər. Qeyd edək ki, “Amerika Sinematek Mükafatı” əyləncə sənayesinə və kinematoqrafiya sahəsinə verdiyi töhfələrə görə qeyri-adi incəsənət xadimlərinə təqdim edilir.
Ben Stiller 1993-cü ildə “Ben Stiller Şou” adlı komedik şouya görə “Emmi” mükafatını da almışdır. Ben Stiller bir aktyor kimi “Hamı Merinin dərdindən ölür”, “Faker ailəsi ilə tanışlıq”, “Muzeydə gecə” komediya filmləri ilə şöhrət qazanmışdır, eləcə də prodüser və rejissor kimi də fəaliyyət göstərir.