İQTİSADİYYAT
“Metrologiya” Texniki Komitəsi yaradılıb
Bakı, 26 avqust (AZƏRTAC). Standartlaşdırma üzrə “Metrologiya” Texniki Komitəsi yaradılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni qurumun yaradılmasından əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq metrologiya sahəsi ilə bağlı milli standartların layihələrinin, sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanmasına dəstək göstərmək, onların ekspertizasını keçirərək rəy verməkdir. Bununla da vətəndaş cəmiyyətinin inkişafına, azad sahibkarlıq subyektlərinin ədalətli rəqabətinə, şəffaf bazar mexanizmlərinin formalaşmasına zəmin yaradılacaq.
Məlumatda bildirilir ki, metrologiya sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.