İQTİSADİYYAT
METROPOLİTEN ÜÇÜN VAQONLARIN ALINMASI İLƏ BAĞLI ALTERNATİV VARİANTLAR AXTARILIR
Bakı, 4 aprel (AZƏRTAC). Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir ki, qatarlarda sərnişinlərin tam rahatlığının təmin edilməsi məqsədi ilə alternativ variantlar axtarılır.
İndiyədək vaqonlar Rusiyanın Mıtişşi şəhərindəki “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyəti ilə imzalanmış saziş əsasında oradan alınırdı. Lakin müasir şəraitdə daha rahat və dünya standartlarına tam cavab verən vaqonlara ehtiyac yaranmışdır. Bu məqsədlə hazırda məşhur “Ariston”, “Siemens” və digər şirkətlərlə danışıqlar aparılır.
Danışıqlar müsbət nəticə verərsə, bundan sonra vaqonlar əvvəllər olduğu kimi az sayda alınmayacaqdır. Son mərhələdə Bakı Metropoliteni bu şirkətlərdən biri ilə uzunmüddətli müqavilə imzalamaq və metronun perspektiv inkişaf planına uyğun olaraq eyni vaxtda 50-60 vaqon almaq variantına keçmək niyyətindədir.