ELM VƏ TƏHSİL
Məzunların işlə təmin olunması Azərbaycan Turizm və Menecment Universitetinin əsas hədəflərindəndir
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) marketinq kafedrasının 2020-ci ilədək fəaliyyəti ilə bağlı strateji planı artıq hazırdır. Plana görə, hədəflərimizdən biri tələbələrin məzun olduqdan sonra birbaşa təyinat prinsipini həyata keçirməkdir. Bu məqsədlə Azərbaycanın dörd şirkəti və iki holdinqi ilə kafedra arasında müqavilə imzalanıb. Sənədə əsasən, 2021-ci ildən etibarən məzunlarımız həmin qurumlar tərəfindən işlə təmin olunacaqlar.
Bunu ATMU-nun marketinq kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Anar Eminov AZƏRTAC-a müsahibəsində deyib.
A.Eminov vurğulayıb ki, ATMU-ya yeni qəbul olunan tələbələrin keyfiyyətli təhsil almalarına bu şirkətlər tərəfindən nəzarət ediləcək. Həmin tələbələr təcrübələrini də müvafiq şirkətlərdə keçəcəklər. Kafedra müdirinin bildirdiyinə görə, bütün bu prosedurlar “Strateji Yol Xəritəsinə” uyğun olaraq aparılır.