ELM VƏ TƏHSİL
Mikrobioloq alimlər Kənd Təsərrüfatı Nazirliyinin təcrübə stansiyasında olublar
Bakı, 14 aprel, AZƏRTAC
AMEA Mikrobiologiya İnstitutunun Eksperimental mikologiya laboratoriyasının müdiri dosent İradə Babayeva, biologiya üzrə fəlsəfə doktoru Lalə Əliyeva, elmi işçilər Vüsalə İsayeva və Əsmər Məmmədova Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron təcrübə stansiyasında olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd müəssisənin tematik planına müvafiq olaraq nümunələr götürmək, bəzi müşahidələr aparmaq və tədqiqatların birgə aparılması imkanlarının müzakirəsi olub. Abşeron təcrübə stansiyasının direktoru Cəbrayıl Ağayev və laboratoriya rəhbəri Mərdan Tağıyev institut əməkdaşlarına təcrübə stansiyasında görülən işlər haqqında məlumat veriblər. Sonra nümunələrin götürülməsi ilə bağlı bəzi metodik yanaşmalar dəqiqləşdirilib və gələcəkdə birgə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb. Yekunda bitki zərərvericiləri olan nematodlara qarşı mübarizədə tətbiq edilən nematofaq göbələklərin funksional aktivliyinin öyrənilməsi məqsədilə həm açıq, həm də örtülü sahələrdən torpaq nümunələri götürülüb və laboratoriya şəraitində aparılması nəzərdə tutulan analizlər üçün hazırlanıb.