MƏDƏNİYYƏT
Milan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konsert olmuşdur
Bakı, 21 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, İtaliyanın Milan şəhərində Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və Milanda fəaliyyət göstərən “Azəri” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konsert olmuşdur. Milan Dövlət Universitetinin binasında keçirilmiş konsertdə gənc italyan ifaçılar Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış etmişlər. Konsert proqramı qonaqların böyük marağına səbəb olmuşdur.
“Azəri” Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri, İtaliyada yaşayan azərbaycanlı musiqi müəllimi Nəzakət Nuriyeva tədbirdə çıxış etmiş, iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçılara Azərbaycan şirniyyatları və italiyan dilində nəşr olunmuş Azərbaycan haqqında jurnal və kitablar təqdim edilmişdir.