Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə “Tarixdə iz, xatirələrdə işıq” mövzusunda tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra isə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov Ümummilli Liderin şərəfli ömür yolundan, Vətən və Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə qeyd edib ki, Ulu Öndər öz ömrünü dövlətin bütövləşməsi, xalqın suverenliyi və azadlığı yolunda qurban verib.
Milli Məclisin deputatları Asif Əsgərov, Elnarə Akimova, Aydın Mirzəzadə, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Ulu Öndərin müstəqil Azərbaycanın memarı olduğunu vurğulayaraq, ədəbiyyatla, mədəniyyətlə bağlı gördüyü işlərdən danışıblar.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ümummilli Lider Heydər Əliyev” adlı Elektron məlumat bazası təqdim edilib və sonra iştirakçılar ənənəvi kitab sərgisi ilə tanış oldular.