SİYASƏT
Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsinin ictimai müzakirəsi keçirilmişdir
Bakı, 15 oktyabr (AZƏRTAC). Oktyabrın 15-də Milli Məclisdə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin ictimai müzakirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə təşkil etdiyi müzakirələrdə yerli və xarici təşkilatların təmsilçiləri də iştirak etmişlər.
İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə tədbiri açaraq demişdir ki, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşması, ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, sivil bazar münasibətlərinin tətbiqi qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Qarşılıqlı münasibətlərin formalaşması və inamın məntiqi nəticəsində Azərbaycan dünyanın 140-dan çox ölkəsi ilə iqtisadi əməkdaşlıq əlaqələri qurmuşdur, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bununla yanaşı, davamlı inkişafımızın uzun ömürlülüyünü təmin etmək, dövrün yeni tələblərinə cavab vermək üçün müvafiq hüququ bazanın təkmilləşdirilməsi tələb olunur. Bunun üçün də Azərbaycanda qanunvericiliyin daha da genişləndirilməsi diqqət mərkəzindədir. Bu gün yeni qanunlar hazırlanır, bəzi qanunlara əlavələr və dəyişikliklər olunur, qanunvericilik bazası daha da təkmilləşdirilir. Hazırlanan yeni qanun layihələrindən biri də Rəqabət Məcəlləsidir. Rəqabət Məcəlləsinin daha mükəmməl hazırlanması üçün ictimai müzakirələr təşkil olunur.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rəqabət Məcəlləsinin layihəsinin hazırlanması ilə bağlı görülən işlərdən danışmış, Azərbaycanda rəqabətə davamlı, dünya bazarına çıxarılacaq məhsul istehsalında bu cür qanunların əhəmiyyətini xüsusi qeyd etmişdir.
İctimai müzakirələrdə USAİD-in nümayəndələri də iştirak etmişlər.
Daha sonra Azərbaycan Hökumətinin və USAİD-in birgə dəstəklədiyi “Azərbaycanda rəqabətlilik və ticarət layihəsi” barədə təqdimat olmuşdur.
USAİD-in nümayəndələri Rəqabət Məcəlləsinin hazırlanmasını yüksək qiymətləndirmiş, bu qanunun qəbulundan sonra Azərbaycanın dünya bazarına çıxışına şərait yaradan, normal, rəqabətə davamlı məhsul istehsalının artacağına əminliklərini ifadə etmişlər.
Müzakirələrdə yeni hazırlanan Rəqabət Məcəlləsinin əhəmiyyətindən söz açılmış, müxtəlif təkliflər səslənmişdir.
Çıxış edən deputatlar layihənin beynəlxalq standartlara uyğunlaşdırılması üçün görülən işləri məqbul saymışlar.