MİLLİ MƏCLİSİN DEPUTATI, ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA SƏFƏRİ GENİŞ ƏKS-SƏDA DOĞURMUŞDUR
Analitiklər Azərbaycanın gələcək lideri kimi ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin potensialını yüksək qiymətləndirirlər.
Onlar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin siyasi perspektivlərini qiymətləndirərkən onun üstün cəhətləri kimi müasir dünyagörüşünü, idarəetmənin ən yeni modellərini dərindən başa düşməsini tez-tez vurğulayırlar. Bu cür şərhlərə “Vestii”, “Kiyevski teleqraf” və “QazetaSNQ. Ru” internet qəzetlərində də geniş yer verilmişdir. Həmin yazılarda keçmiş sovet respublikalarının siyasi elitalarının potensialının şərhini verirlər. Azərbaycandan danışarkən göstərilir ki, müasir tipli elitanı formalaşdıran siyasi lider informasiya axını şəraitində qərar qəbul etməyi, hadisələrin inkişafının müxtəlif modellərini tapmağı, böhran vəziyyəti aradan qaldırılarkən ona kollektiv mövqedən yanaşmanı təmin etməyi, xarici əlaqələrdən faydalanmağı bacarmaq kimi keyfiyyətlərə, habelə danılmaz hörmət və nüfuza malik olmalı, cavan və praqmatik zəka sahiblərini öz ətrafında birləşdirməyi bacarmalıdır. İlham Əliyev bütün bu tələblərə cavab verir və şərhçilərin fikrincə, Azərbaycanın gələcək lideri kimi o, Rusiya üçün də cəlbedicidir. Bunun səbəblərindən biri də İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin komandasının meyarlarına uyğun olmasıdır.
İlham Əliyevin Moskvaya bu yaxınlardakı səfərini Azərbaycan və Rusiyanın kütləvi informasiya vasitələri geniş işıqlandırmışdır. Xatırladaq ki, o, martın 21-də MDB ölkələrinin və Baltikyanı ölkələrin milli olimpiya komitələri başçılarının, habelə yeniyetmələrin beynəlxalq idman oyunlarının iştirakçısı olan ölkələrin idman orqanları rəhbərlərinin birinci iclasında iştirak etmiş, martın 22-də isə Moskvada, İTAR-TASS informasiya agentliyində yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirərək, Azərbaycanda ictimai-siyasi, iqtisadi vəziyyət, ölkənin daxili və xarici siyasəti barədə suallara ətraflı cavab vermişdir. O, bəyan etmişdir ki, Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür, 2003-cü ildə prezident seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd indiki Prezident Heydər Əliyev olacaqdır və onun qalib gələcəyinə artıq indinin özündə heç kimdə şəkk-şübhə yoxdur. İlham Əliyev beynəlxalq terrorizm problemindən danışarkən demişdir ki, “terrorizmə qalib gəlmək üçün ilk növbədə onun kökünü kəsmək və səbəblərini aradan qaldırmaq lazımdır. Terrorizm üçün ən əlverişli mühit nəzarətsizlikdir. Təəssüf ki, Azərbaycan ərazisində beynəlxalq nəzarətdən tamam kənarda qalan zona mövcuddur - bu, Dağlıq Qarabağ ərazisidir. Burada nəinki erməni terrorçularının, həm də beynəlxalq terrorçuların hazırlanması üçün bazalar yaradılır, narkotik bitkilər becərilir - bu, ABŞ Dövlət Departamentinin illik məruzəsində də təsdiqlənmişdir - və təbii ki, narkotik vasitələr satılır və bunun hesabına çox böyük miqdarda silah alınır”.
İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyəti barədə suallara cavab verərək bildirmişdir ki, “ötən il Rusiya Prezidenti Putinin Azərbaycana rəsmi səfərindən sonra Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni səviyyəyə qalxmışdır. Azərbaycanda bu səfəri böyük səbirsizliklə gözləyirdilər və səfərin nəticələri, əldə olunmuş razılaşmalar, ən başlıcası isə, nümayiş etdirilən qarşılıqlı anlaşma və qarşılıqlı hörmət Azərbaycanda, zənn edirəm ki, Rusiyada da böyük sevinclə qarşılanmışdır. Ölkələrimiz arasındakı münasibətlər heç də həmişə biz istədiyimiz kimi rəvan olmamışdır, yəni heç də həmişə mehriban qonşuluq xarakteri daşımamışdır. Tarixi keçmişdən Rusiyanın, yəni onun əvvəlki rəhbərliyinin müəyyən addımlarından Azərbaycanın narazı qalmağa qanuni ixtiyarı olduğunu göstərən çoxlu fakt gətirə bilərik. Lakin biz hesab edirik ki, tarixin bu səhifələri artıq qapanmalıdır, biz keçmişə qayıtmamalıyıq. Bugünkü vəziyyət həm Rusiyanın, həm də Azərbaycanın mənafelərinə cavab verir. Bu gün iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq keyfiyyətcə əvvəlkindən fərqlənir. İndi ölkələrimiz arasında qarşılıqlı anlaşma mövcuddur, üç il bundan əvvəl təsəvvürümüzə belə gətirə bilmədiyimiz layihələr həyata keçirilir”.
Moskvadan sonra deputat İlham Əliyev Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleya Şurasının növbəti iclasında iştirak etmişdir. Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyev MDB parlamentlərarası Assambleyasının qərarına əsasən, MDB-nin ümumi informasiya məkanının formalaşmasında xidmətlərinə görə yüksək mükafata - MDB Parlamentlərarası Assambleyası və “Mir” Dövlətlərarası Teleradio Şirkəti tərəfindən təsis olunmuş “Dostluq ağacı” qızıl medalına layiq görülmüşdür. Yüksək mükafatı ona Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov təqdim etmişdir.
İlham Əliyev Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının və AŞPA-nın təşəbbüsü ilə keçirilən terrorizmlə mübarizəyə dair forumda iştirak etmişdir. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanın bu tədbirdə çox fəal iştirak etdiyini vurğulayaraq demişdir: “Azərbaycan üçün bu, çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan terrorizmdən zərər çəkmiş bir ölkədir. Bizim ərazimiz işğal altındadır. Ermənistan, terrorist qüvvələr tərəfindən Azərbaycanda çoxsaylı terror aktları keçirilmişdir. Biz terrorizmin qurbanıyıq”.
İlham Əliyevin Rusiyaya səfəri təkcə bu ölkənin ictimai, siyasi xadimlərinin və mətbuatının deyil, digər MDB ölkələrinin ideoloji təsisatlarının da diqqətini cəlb etmişdir. Təkcə bunun özü göstərir ki, Rusiyanın İlham Əliyevi Azərbaycan rəhbərliyinin siyasi varisi kimi qəbul etməməsi barədə opponentlərin bəyanatları əsassızdır. Bu opponentlər əvvəllər gah İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasında heç nəyə nail olmayacağını, gah da siyasi varis kimi onun Qərbdə, xüsusən də ABŞ-da qəbul olunmadığını iddia edirdilər, indi isə elə öz iftiraları ilə əslində sübut edirlər ki, İlham Əliyev ciddi rəqibdir. Həqiqətən, ARDNŞ-ın birinci vitse-prezidentinə istər Qərbin, istərsə də Rusiyanın siyasi elitaları ciddi tərəfdaş kimi baxırlar. Axırıncı səfər zamanı onun keçirdiyi görüşlər də göstərdi ki, o, Azərbaycanın yaxın gələcək üçün ən perspektivli siyasi xadimi nüfuzuna malikdir. İlham Əliyevin axırıncı səfəri barədə Rusiyanın və digər ölkələrin analitiklərinin və kütləvi informasiya vasitələrinin fikirləri və şərhləri bunu bir daha təsdiq edir.