MƏDƏNİYYƏT
“Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” regional layihəsi çərçivəsində növbəti seminar təşkil olunacaqdır
Bakı, 20 dekabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icrasına 2010-cu ildən başlanmış “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” layihəsi cari ildə də davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək respublikanın 11 şəhər və rayonunda (Gəncə, Lənkəran, Ağdaş, Şamaxı, Şirvan, Mingəçevir, Qusar, Zaqatala, Şəki, Göyçay və Sumqayıt) sözügedən layihə çərçivəsində seminarlar keçirilmişdir. Seminarlarda ümumilikdə mədəniyyət müəssisələrinin 1000-ə yaxın əməkdaşı iştirak etmişdir.
Seminarlar respublikanın tanınmış alimləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları tərəfindən aparılır.
Layihənin əsas məqsədi mədəniyyət siyasətinin həyata keçirilməsində elmin geniş iştirakının təmin edilməsidir. Eyni zamanda, mədəniyyət siyasətinə həsr olunmuş bu təlimlər keyfiyyət etibarilə yeni peşə təfəkkürünün formalaşmasına və mədəniyyət sahəsinin imicinin artırılmasına xidmət edir.
Layihə çərçivəsində növbəti tədbir dekabrın 26-da Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsində təşkil olunacaqdır. Nazirliyin elm və təhsil şöbəsinin elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin aparıcılığı ilə keçiriləcək seminarda yerli mütəxəssislərlə yanaşı, Qazaxıstan Milli İncəsənət Akademiyasının sosial-humanitar fənlər kafedrasının müdiri xanım Aliya Alimjanova da iştirak edəcəkdir.