CƏMİYYƏT
Milli Mətbuat Günü münasibətilə jurnalistlər mükafatlandırılmışlar
Bakı, 19 iyul (AZƏRTAC). Nərimanov Rayon İcra Hakimiyyəti 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, eləcə də ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbiri açaraq jurnalistləri bayram münasibətilə təbrik etmiş, 138 yaşını qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışmışdır. Bildirilmişdir ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də şərəfli yol keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşmişdir. Lakin ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılmış, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olunmuş, senzura ləğv olunmuşdur. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdur. Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borcları dövlət büdcəsi hesabına ödənilmişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının inkişaf tarixindən, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək diqqətə çatdırmışdır ki, dövlətimizin başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həllinə də daim xüsusi diqqət yetirir. Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi buna parlaq nümunədir.
Sonda bayram münasibətilə bir qrup jurnalistə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-ın əməkdaşları da vardır.