REGİONLAR
Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası Naxçıvanda cərrahiyyə əməliyyatları aparıb
Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gəlməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası may ayı ərzində ikinci dəfə Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirib.
Həkim-oftalmoloq və anestezioloqlardan ibarət səyyar briqada 150-dən çox müayinə, 10 göz əməliyyatı aparıb, pasiyentlərə tibbi məsləhət və tövsiyələr verilib. Səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib.
Şərur rayonunun Alışar kənd sakini Vaqif İsmayılov bildirib ki, aksiya çərçivəsində onun üzərində mürəkkəb göz əməliyyatı aparılıb. O, başqa yerə getmədən muxtar respublikada pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəlmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Xatırladaq ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası mayın 6-8-də də Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirib, 170-dən çox müayinə, 18 göz əməliyyatı aparıb.
Mərkəzin baş həkimi Aytən Sultanova Naxçıvan Muxtar Respublika Xəstəxanasında belə müayinələrin ayda bir dəfə olmaqla, ilboyu keçiriləcəyini bildirib.