REGİONLAR
Mingəçevir Dövlət Universitetinin müəllimi: Hamı peyvənd vurdursun ki, bu bəladan tezliklə xilas olaq
Mingəçevir, 17 fevral, AZƏRTAC
Fevralın 8-i Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənə COVID-19 əleyhinə ilk vaksin vurulub. Vaksin vurulduqdan sonra heç bir əlavə fəsad olmayıb. Martın 1-i vaksinin ikinci dozasının vurulmasını gözləyirəm. Koronavirusa yoluxmamışam. Vaksindən çəkinməyə ehtiyac yoxdur. Məsləhət görərdim ki, hamı peyvənd vurdursun, bu bəladan tezliklə xilas olaq.
Bunu AZƏRTAC-a Mingəçevir Dövlət Universitetinin (MDU) “Humanitar fənlər” kafedrasının müəllimi Mirzə Cavadov deyib.
Azərbaycanın koronavirusa qarşı peyvənd əldə edən ilk ölkələr sırasında olmasını uğurlu addım kimi qiymətləndirən Mirzə müəllim genişmiqyaslı vaksinasiyanın ənənəvi təhsilin bərpasında da mühüm rol oynayacağını söyləyib.
Mirzə müəllim könüllü iştirak etdiyi “COVID-19” əleyhinə vaksinasiyanı cəmiyyətin sağlam inkişafı baxımından da vacib hesab edib. Eyni zamanda, vaksinasiyanın ənənəvi həyata qayıdış və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edək ki, bu il yanvarın 26-da Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiya çərçivəsində ölkədə mərhələlər üzrə vaksinasiya tədbirləri həyata keçirilir.
Yaşı 65-dən yuxarı vətəndaşların könüllü peyvənd olunduğu indiki mərhələyə MDU-nun müvafiq əməkdaşları fəal qoşulublar. Eyni zamanda, əhali arasında vaksinasiya ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərində MDU-nun professor-müəllim və tələbə kollektivi fəallıq göstərirlər.