REGİONLAR
Mingəçevirdə məcburi köçkünlər arasında “Elektron hökumət”lə bağlı maarifləndirmə işi aparılıb
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Mingəçevirdə 412 məcburi köçkün ailəsinin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində tədbir keçirilib.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin sədri Fərman Nəbiyev məcburi köçkün həyatını yaşayan insanların informasiya-kommunikasiya texnologiyaları bacarıqlarının artırılması məqsədilə keçirilən tədbirin əhəmiyyətindən danışıb. O, “Elektron hökumət” portalının istifadə qaydaları, xidmətlər barədə ətraflı məlumat verib.
Tədbir iştirakçıları vətəndaşların rahatlığı və korrupsiya hallarının baş verməməsi üçün yaradılan “Elektron hökumət” portalının əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, “Məcburi köçkünlər arasında “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində növbəti informasiya sessiyalarının sentyabrda Ağdam və Bərdədə məskunlaşan məcburi köçkünlər üçün təşkil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində Mingəçevir, Ağdam və Bərdə rayonlarında məskunlaşan məcburi köçkün uşaqları üçün yay məktəbləri də təşkil olunub. Mingəçevirdə keçirilən yay məktəbində iştirak edən 12-15 yaşlı uşaqlara kompyuter biliklərinin və liderlik bacarıqlarının artırılması ilə bağlı təlimlər keçirilib.