İQTİSADİYYAT
Mingəçevirdə qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran məsələlər müzakirə edilmişdir
Mingəçevir, 2 dekabr (AZƏRTAC). Mingəçevir Şəhər İcra Hakimiyyətində keçirilən şura iclasında qış mövsümünə hazırlıqla bağlı idarə və təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. AZƏRTAC xəbər verir ki, tədbirdə şəhər qaz istismar sahəsinin, elektrik və istilik təchizatı idarələrinin, mənzil təsərrüfatı və abadlaşdırma idarəsinin, kommunal təsərrüfat kombinatının, işıqlandırma, su-kanal, yaşıllaşdırma və sanitar təmizlik idarələrinin rəhbərləri mövsümə hazırlıqla bağlı oktyabr-noyabr aylarında görülmüş işlər barədə məruzə etmişlər. Qeyd olunmuşdur ki, şəhərdə 26 qaztənzimləyici şkaf yenisi ilə əvəzlənmiş və ya təmir edilmiş, 1.700 abonentin mənzilində qaz avadanlığına texniki baxış keçirilmiş, “Günəşli” yaşayış massivinə ilk dəfə təbii qaz verilişinə başlanılmış və bu günədək 266 abonent mavi yanacaqla təmin edilmiş, 4 yaşayış binasının qazanxanası yenidən qurulmuş, 45 yaşayış binasının dam örtüyü əsaslı təmir edilmiş, şəhərdə fəaliyyət göstərən orta ümumtəhsil ocaqlarının, ali və orta ixtisas məktəblərinin istilik sistemi qaydaya salınmışdır. Tədbirdə görüləcək işlər müzakirə olunmuşdur.
İclasda şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev kommunal, sənaye, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin mövsümə hazırlıqla bağlı nöqsan və çatışmazlıqlarından danışmış, onların tezliklə aradan qaldırılması üçün müvafiq tapşırıqlar vermişdir.