MƏDƏNİYYƏT
Misirdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Qahirə, 18 sentyabr, AZƏRTAC
Qahirənin tarixi Bab əl-Nasr qalasının yaxınlığında Misirin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Səma Beynəlxalq Musiqi Festivalının 15-ci yubiley tədbiri keçirilib. Sülhə çağırış devizi altında təşkil olunan festivalda dünyanın müxtəlif ölkələrindən 30-dan çox musiqi kollektivi iştirak edir.
AZƏRTAC xəbər verir ki, yubiley festivalında dahi bəstəkarımız, Azərbaycan milli operasının banisi, yazıçı, publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsi tədbirin ən böyük nominasiyası olan “Humanist incəsənət xadimi” mükafatı ilə yad olunub. Misirin mədəniyyət naziri Nevin Əl-Kilani mükafatı Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevə təqdim edib.
Azərbaycan və İslam Şərqində professional musiqinin banisi Üzeyir Hacıbəylinin xatirəsini yad etdiyinə, həmçinin bu cür mötəbər tədbirin ən yüksək mükafatına görə Misirin mədəniyyət nazirinə təşəkkürünü bildirən səfir T.Rzayev qeyd edib ki, dahi bəstəkar ölkəmizin milli musiqi tarixində mühüm rola malik olması ilə yanaşı, müsəlman aləmində də ən görkəmli mədəniyyət xadimlərindən biridir.
T.Rzayev təqdimat mərasimindən sonra Misirin “Masr TV” və “Aula TV” televiziya kanallarına müsahibə verib. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan və müsəlman aləmində mədəniyyətə verdiyi töhfələr barədə ətraflı məlumat verib. Diplomatımız vurğulayıb ki, onun 1908-ci ildə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası ilə Azərbaycanda və İslam Şərqində peşəkar milli opera tarixinin əsası qoyulub. 2008-ci ilin fevralında keçirilən UNESCO-nun Baş Konfransında bu operanın 100 illik yubileyinin təşkilatın xüsusi tarixlər siyahısına daxil edilməsi barədə qərar qəbul edilib.
Səfir müsahibəsində diqqətə çatdırıb ki, hər il sentyabrın 18-də dahi bəstəkarın dünyaya göz acdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Qahirə