Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisi genişləndirilir
Bakı, 17 aprel, AZƏRTAC
Misirin əl-Əzhər Universitetinin humanitar fənlər fakültəsi ilə yanaşı, dillər və tərcümə fakültəsində də Azərbaycan dili tədris olunacaq.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Vətənpərvər” Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dillər və tərcümə fakültəsinin dekan müavini, professor Məhəmməd Gazi və “Türk dili” şöbəsinin müdiri, professor Hazim Səidlə keçirdiyi görüşlərdə bu barədə müzakirələr aparıb.
S.Nəsirov Misirdə Azərbaycan dilinin tədrisinin qarşılıqlı əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs edib. Bildirib ki, hazırda Misirin ən mötəbər universitetlərində və təşkilatın Qahirədəki ofisində 600 nəfərdən çox tələbə Azərbaycan dilini öyrənir. Qeyd olunub ki, dillər və tərcümə fakültəsi əl-Əzhər Universitetinin önəmli fakültələrindən biri olduğuna görə, orada Azərbaycan dilinin tədrisi hər iki ölkə üçün əhəmiyyət kəsb edir.
Professor Məhəmməd Gazi diaspor sədrinin təşəbbüsünü dəstəkləyərək, 2018-2019-cu tədris ilində dillər və tərcümə fakültəsinin “Türk dili” şöbəsində Azərbaycan dilinin tədrisinə başlanılacağını qeyd edib.
Görüşdə, həmçinin əl-Əzhər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı simpoziumun təşkili və digər məsələlər müzakirə edilib. Söhbət əsnasında ölkəmizin dövlətçilik ənənələri və müasir Azərbaycan, onun inkişafı haqqında məlumat verən S.Nəsirov, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri də diqqətə çatdırıb.