DÜNYA
Monrealda İKAO Assambleyasının 38-ci sessiyasında uçuşların təhlükəsizliyinin artırılması məsələləri müzakirə ediləcəkdir
Bakı, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 24-də Monrealda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) Assambleyasının 38-ci sessiyası açılır. Sessiyanın nümayəndələri hava nəqliyyatının davamlı inkişafı və uçuşların təhlükəsizliyinin artırılması məsələlərini müzakirə edəcəklər.
Xarici KİV-lərin verdiyi məlumata görə, Assambleyanın İKAO-nun mənzil-qərargahında keçiriləcək iclasları oktyabrın 4-dək davam edəcəkdir. İclaslarda təşkilatın fəaliyyətinin texniki, iqtisadi və hüquqi aspektləri, habelə texniki əməkdaşlıq məsələləri ətraflı nəzərdən keçiriləcəkdir.
BMT-nin ixtisaslaşmış müəssisəsi olan İKAO 1944-cü ildə beynəlxalq mülki aviasiyanın inkişafına kömək məqsədi ilə yaradılmışdır. 191 dövlətin üzv olduğu bu təşkilat uçuşların təhlükəsizliyini, hava nəqliyyatı ilə daşımaların səmərəsinin və ətraf mühitin qorunmasının təmin edilməsi üçün müvafiq standartlar və qaydalar müəyyən edir.
Assambleya üç ildə bir dəfə keçirilir. İKAO-nun daimi rəhbər orqanı 36 ölkənin nümayəndələrinin daxil olduğu şuradır. Bu orqan 38-ci sessiyada müzakirə edilmək üçün silsilə məruzələr, o cümlədən Təşkilatın qarşıdakı üç il üçün büdcəsi, daha əvvəl qəbul edilmiş qərarların həyata keçirilməsi və aviasiya təhlükəsizliyi barədə məruzələr hazırlamışdır.
Qızğın müzakirələrə səbəb olan məsələlərdən biri aviasiya mühərriklərinin yaratdığı parnik qazları emissiyasının azaldılması məqsədilə bazar tədbirləri tətbiq edilməsi məsələsidir. 2008-ci ildə aviadaşıyıcıların birtərəfli qaydada Avropa İttifaqının qaz tullantıları üçün kvotalar sisteminə qoşulması haqqında qərar qəbul ediləndən sonra bu məsələ xüsusilə aktuallaşmışdır.
Bir sıra ölkələr, o cümlədən Rusiya, ABŞ, Çin və Hindistan bu tədbirə qarşı çıxmışlar.
Nümayəndələr həm də Şuranın yeni tərkibini seçəcək, sonra Şura üzvləri gizli səsvermə yolu ilə öz prezidentlərini təyin edəcəklər. Şuranın indiki sədri Meksika nümayəndəsi Roberto Kobe Qonsalesin səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.