SİYASƏT
MOSKVADA ÜMUMDÜNYA HƏMVƏTƏNLƏR KONFRANSI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 31-də Moskvada xarici ölkələrdə yaşayan həmvətənlərin ikigünlük ümumdünya konfransı keçiriləcəkdir. Konfransda ictimai həmvətənlər birliklərinin 300-dək rəhbərinin və fəalının, 80-dən çox yaxın və uzaq xarici ölkədəki, o cümlədən Azərbaycandakı rus diasporunun nümayəndələrinin iştirakı gözlənilir.
Konfransda 2006-cı il Ümumdünya Həmvətənlər Konqresinin qərarlarının yerinə yetirilməsinin yekunlarını, xaricdə yaşayan həmvətənlərlə bağlı mühüm problemlərini, o cümlədən rusdilli icmaların daha sıx birləşməsi, onların tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi, informasiya təminatı, xaricdə yaşayan həmvətənlərin Rusiya Federasiyasına könüllü köçməsinə yardım göstərilməsi məsələlərini müzakirə etmək nəzərdə tutulur. “Rusiya Federasiyasının xaricdə yaşayan həmvətənlərə münasibətdə dövlət siyasəti haqqında” Federal Qanuna mümkün düzəliş və əlavələr haqqında məsələ də müzakirə mövzularından biri olacaqdır.
Konfrans geniş iclaslar və beş tematik bölmə formatında keçiriləcəkdir.