ELM VƏ TƏHSİL
Moskvadakı general Kərim Kərimov adına 157 nömrəli məktəbdə “Son zəng” səslənmişdir
Moskva, 26 may (AZƏRTAC). Moskvadakı general Kərim Kərimov adına 157 nömrəli məktəbdə “Son zəng” səslənmişdir.
Təntənəli tədbir məzunların ifasında ənənəvi məktəb valsından başlanmışdır. On birinci sinif şagirdləri bütün bayram şənliyi müddətində müxtəlif nömrələrlə çıxış etmişlər: mahnı oxumuş, rəqs etmiş, gitara çalmışlar. Birinci sinif şagirdləri məzunlara ünvanlanmış şeirlər söyləmiş, rəqs nömrələri ifa etmişlər.
Məktəbin direktoru Elmira İsmayılova məzunların imtahanlara buraxılması haqqında əmri oxumuş, onlara xeyir-dua vermişdir. Direktor daha sonra 10 “A” sinfinin şagirdlərinin həssas və xeyirxah insanlar olmasından söhbət açaraq, qeyd etmişdir ki, bu şagirdlər “Rus-Azərbaycan mədəniyyət və həmrəylik mərkəzi” tərəfindən təşkil olunmuş xeyriyyə aksiyasına qoşulmuş və internat məktəbin məzunlarına paltar almaq üçün sinifdə pul yığılması təşəbbüsünü irəli sürmüşlər.
Bayram tədbirinin qonaqları - Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, Moskva şəhər Təhsil Departamentinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin və Veteranlar Şurasının təmsilçiləri məzunlara qarşıdakı imtahanlarda uğurlar arzulamış, karyeralarını qurmaqda əzmkarlıq göstərməyi tövsiyə etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva