ELM VƏ TƏHSİL
“Müəllim hazırlığında müasir problemlər” mövzusunda beynəlxalq konfrans işinə yekun vurmuşdur
Bakı, 29 oktyabr (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunda “Müəllim hazırlığında müasir problemlər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini oktyabrın 29-da başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Ukrayna, Belarus və digər ölkələrin alimləri müəllim hazırlığının ali təhsil sistemində yeri, müəllim kadrlarının gənc nəslin yetişdirilməsində rolu məsələlərini müzakirə etmişlər. Beynəlxalq konfransın uğurla keçdiyini vurğulayan iştirakçılar ilkin müəllim hazırlığı proqramlarının yenilənməsi, təhsil fəlsəfəsi, menecmenti və marketinqi fənlərinin magistraturada tədris proqramına salınmasının əhəmiyyətini qeyd etmişlər.
Alimlərin qənaətincə, daha səmərəli, motivləşmiş tədris vasitələrindən istifadə, komyuterləşmə, təhsilin informasiyalaşması müəllimin potensialının, peşəkar təfəkkürünün formalaşmasına əhəmiyyətli təsir göstərə bilər. İştirakçılar həmçinin təcrübə mübadiləsini təmin etmək, konfransda iştirak etmiş ölkələrdə müəllim hazırlığının müasir problemlərini öyrənmək məqsədi ilə əlaqələndirmə şurası yaratmağı qərara almışlar. Eyni zamanda “Təhsilin əsasları” adlı fənnin dövlət imtahanında nəzərə alınması təklif olunmuşdur.
Bununla da ikigünlük elmi konfrans başa çatmışdır.