MƏDƏNİYYƏT
Musiqili Teatrda Hacıbaba Bağırovun xatirəsi yad ediləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında gülüş ustası, görkəmli teatr və kino aktyoru, Xalq Artisti Hacıbaba Bağırovun xatirəsi yad ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 9-da Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” ikihissəli musiqili komediyasının növbəti nümayişi unudulmaz sənətkarın xatirəsinə həsr olunacaq.
“Mən dəyərəm min cavana” tamaşasının növbəti nümayişinin Hacıbaba Bağırovun xatirəsinə həsr edilməsinin xüsusi özəlliyi var. Belə ki, bu tamaşa böyük sənətkarın 75 illik yubileyinə ithaf olunub və bu səhnə əsərində Hacıbaba Bağırov baş qəhrəmanı – İbad obrazını canlandırmalı imiş. Təəssüf ki, amansız ölüm 74 yaşında onun həyatına son qoydu. “Mən dəyərəm min cavana” tamaşası ilk dəfə məhz Hacıbaba Bağırovun onsuz keçən 75 illik yubiley tədbirində nümayiş olunub.
Tamaşada rolları Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov və Rəşad Məmmədov ifa edəcəklər.