İQTİSADİYYAT
“Naftoqaz Ukrainı” Rumıniyanın “Rompetrol Group” şirkəti ilə müştərək müəssisə yaradır
Kiyev, 17 iyul (AZƏRTAC). Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar şirkəti (MSŞ) ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirmək üçün Rumıniyanın “Rompetrol Group” şirkəti ilə müştərək müəssisə yaradır. Şirkət Rumıniyanın “Avro-5” və “Avro-6” standartlı benzinin və Ukrayna bioyanacağının satılacağı 700 yanacaqdoldurma məntəqəsi açacaqdır.
“Naftoqaz” ilə “Rompetrol Group” arasında memorandumu MSŞ-nin idarə heyəti sədrinin müavini Yevgeni Korneyçuk və Rumıniya şirkətinin baş direktoru Janat Tusupbekov imzalamışlar. Sənəddə şirkətlərin neft məhsulları bazarında birgə ekspansiyası nəzərdə tutulmuşdur. Məsələn, şirkətlər yanacaqdoldurma məntəqələri aça, neftin və neft məhsullarının boşaldılıb yüklənməsi üzrə dövlət müəssisələrinin fəaliyyətini gücləndirə, habelə neft məhsullarının satışına dair öz logistik şəbəkələrini yarada bilərlər.
“Rompetrol” şirkətlər qrupunun səhmlərinin 100 faiz Qazaxıstanın “Qazmunayqaz” Dövlət Neft-qaz Korporasiyasına məxsusdur. Qrupun Rumıniyada 3 neft emalı zavodu, habelə Rumıniya, Moldova, Bolqarıstan, Gürcüstan, Fransa və İspaniyada 1000-dən çox yanacaqdoldurma məntəqəsi vardır. 2011-ci ildə şirkətin dövriyyəsi 6,8 milyard dollara çatmışdır. 2009-cu ildən qrup neft məhsullarını topdansatış bazarına çıxararaq Ukraynaya satır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev