REGİONLAR
Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır
Yardımlı, 14 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Urakəran kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Bəhmənov və başqaları əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.
Çıxış edənlər narkomaniya ilə mübarizənin sağlam həyata təminat olduğunu qeyd edərək, sağlam cəmiyyətin formalaşmasında ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə danışıb, istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığını diqqətə çatdırıblar.
Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.