CƏMİYYƏT
Narkomaniyaya yox deyirik!
Cəlilabad, 27 iyun (AZƏRTAC). İyunun 27-də Cəlilabad Rayon İcra Hakimiyyətində “Narkomaniyaya yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrinin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq keçirilən tədbirdə rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanlarının, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişlər.
Toplantıda çıxış edənlər psixotrop maddələrin qəbulu və onu zəruri edən səbəblər, narkotik maddələrin insan həyatında törətdiyi fəlakətlər barədə danışmışlar.
Qeyd olunmuşdur ki, bütün bəşəriyyətin bəlasına çevrilmiş “Ağ ölüm”ə qarşı dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyətin nümayəndələri birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılmışdır.