ELM VƏ TƏHSİL
Naxçıvan Dövlət Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir
Bakı, 12 aprel (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə bağlı müxtəlif səpgili silsilə tədbirlər keçirilir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev Universitetinin məşğələləri, fakültə elmi konfransları, kitab və rəsm sərgiləri, müxtəlif idman yarışları gənc nəslin ulu öndərə sevgi və ehtiramını ifadə etməklə yanaşı, bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsinə xidmət edir. Belə silsilə tədbirlərdən olan “Heydər Əliyev xarici tələbələrin gözü ilə” mövzusunda elmi konfrans isə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində təşkil olunmuşdu.
Konfransdan əvvəl ümummilli liderin möhtəşəm abidəsi ziyarət edilmişdir. Konfransda rektor, akademik İsa Həbibbəyli dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik inkişafında, milli birlik və vətəndaş həmrəyliyinin bərqərar olunmasında, Azərbaycanın beynəlxalq arenada tanıdılmasındakı misilsiz xidmətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev ideologiyası yeni dövrün reallıqlarına uyğun, müasir modeldə və yaradıcı şəkildə uğurla davam etdirilir. Tədbirdə universitetin beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi, Banqladeş vətəndaşı Feroz Ahmed “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir”, qardaş Türkiyə Cümhuriyyətinin təmsilçisi, xarici tələbələr üçün hazırlıq kursunun dinləyicisi Gözdə Karakoyun “Heydər Əliyev siyasətində Türkiyə”, qonşu Gürcüstandan universitetdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kursda təhsil alan Nona Nikabadze “Heydər Əliyev və Gürcüstan”, Koreya Respublikasının vətəndaşı, xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbəsi Sio Sumin “Heydər Əliyev və Koreya Respublikası”, müalicə işi ixtisası üzrə I kurs tələbəsi, nigeriyalı Samson Odigie “Heydər Əliyev xalqlar dostluğunun hamisi kimi” mövzusunda məruzələr etmişlər.
Məruzələrdə dünyanın nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevin beynəlxalq təhlükəsizlik və sülhün əldə olunmasına, dünya xalqlarının dostluq və qardaşlıq şəraitində dinc yanaşı yaşamasına xidmət edən müdrik xarici siyasətindən danışılmışdır. Vurğulanmışdır ki, NDU-nun bugünkü inkişafı, burada 13 ölkədən 300-ə yaxın xarici vətəndaşın təhsil alması ümummilli liderin təhsil strategiyasının və düşünülmüş xarici siyasətinin əməli bəhrələrindəndir.
Konfransın sonunda muzeylə tanışlıq olmuşdur.