ELM VƏ TƏHSİL
Naxçıvan Müəllimlər İnstitutunda 10 günlük ixtisasartırma kursu başa çatmışdır
Naxçıvan, 27 iyun (AZƏRTAC). Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, metodistləri, tərbiyəçi-müəllimləri üçün təşkil olunmuş 10 günlük ixtisasartırma kursu başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, kurs iştirakçılarına sertifikatların verilməsi münasibətilə keçirilən tədbiri institutun rektoru, professor Oruc Həsənli açaraq bu gün Azərbaycan təhsil sistemində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirildiyini bildirmişdir. Qeyd etmişdir ki, bu təhsil sistemində məktəbəqədər yaşda olan uşaqların orta təhsilə hazırlığı məsələləri də öz əksini tapmışdır.
Vurğulanmışdır ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov, institutun müəllimi Həsənəli Eyvazlı və Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasının müdiri Elnarə Seyidova çıxış edərək məktəbəqədər müəssisələrdə çalışan metodist və tərbiyəçi-müəllimlər üçün təşkil edilən belə kursların əhəmiyyətindən danışmışlar.
Sonda kursda iştirak edən 21 nəfərə sertifikat və elektron formada hazırlanmış metodik vəsait verilmişdir.