CƏMİYYƏT
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara minik avtomobilləri təqdim olunmuşdur
Naxçıvan, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Naxçıvan şəhərində 22 nəfər Azərbaycan Vətən müharibəsi iştirakçısına, 7 nəfər 1941-1945-ci illər müharibəsi veteranına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada sağlamlıq imkanları məhdud olan şəxslərə hərtərəfli dövlət qayğısı göstərildiyini, fərdi yaşayış evləri tikildiyini, onların müalicəyə, sanatoriya və kurortlarda istirahətlərə göndərildiyini bildirmişdir. Təkcə ötən 16 il ərzində muxtar respublikada 178 nəfərə mənzil və fərdi yaşayış evləri, 1730 nəfərə respublikamızın müxtəlif sanatoriyalarında müalicə olunmaq üçün göndərişlər verilmiş, 3270 nəfər isə müxtəlif texniki reabilitasiya-bərpa vasitələri ilə təmin olunmuş, Azərbaycan Vətən müharibəsi, 1941-1945-ci illər müharibəsi, Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvinin iştirakçılarına 259 ədəd minik avtomobili verilmişdir. Bu il Naxçıvan Əlillərin Bərpa Mərkəzində 232 nəfərin müalicəsi təşkil edilmiş, 6 nəfər Ukraynaya müalicəyə, 108 nəfər sanatoriya və pansionatlara göndərilmiş, 364 nəfər protez-ortopedik xidmətlə, 200 nəfər isə texniki bərpa vasitələri ilə təmin edilmişdir. Bu gün yeni minik avtomobillərinin təqdim edilməsi də onlara göstərilən yüksək diqqət və qayğının davamı kimi səciyyələnir.
Azərbaycan Vətən müharibəsi iştirakçısı Ülvi Əliyev minik avtomobili ilə təmin olunduqları üçün böyük sevinc hissi keçirdiklərini bildirmiş, onlara göstərilən dövlət qayğısına görə minnətdarlığını ifadə etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni avtomobillərlə təmin olunanları təbrik edərək demişdir: Ölkəmizdə bütün kateqoriyadan olan insanlara yüksək dövlət qayğısı göstərilir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları, təqaüdçülərin təqaüdləri artırılır, sosial müdafiəyə ehtiyacı olan insanlarımıza dövlət qayğısı göstərilir. Bu gün 30 nəfərə yeni avtomobillərin təqdim olunması da sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən yüksək dövlət qayğısının daha bir nümunəsidir.
Ali Məclisin sədri demişdir ki, bütün bunlar ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial siyasət xəttinin bəhrələridir. Bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən bu yolun uğurla davam etdirilməsi, bu yola yüksək sədaqət göstərilməsi ölkəmizdə bütün sahələrin sürətli inkişafını təmin edir. Azərbaycanda yaradılan ictimai-siyasi sabitlik, əmin-amanlıq, qəbul edilən çoxsaylı dövlət proqramları inkişaf və tərəqqinin əsas hərəkətverici qüvvəsidir.
Ali Məclisin sədri demişdir: Bu təqdimat mərasimi hər birimiz üçün əziz olan əlamətdar gün və bayramlar - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, Yeni İl və dövlətimizin başçısının əlli illik yubileyi ərəfəsində keçirilir. Bu əlamətdar gün və bayramlarda Vətən qarşısında xidmətləri olan vətəndaşlarımıza yeni minik avtomobillərinin təqdim olunması ikiqat bayram sevincinə, xoş əhval-ruhiyyənin yaranmasına səbəb olacaq, 30 ailənin rahatlığına xidmət edəcəkdir.
Ali Məclisin sədri yeni avtomobillərlə təmin olunanlara firavan həyat, uzun ömür və xoş günlər arzulamış, minik avtomobillərinin açarlarını təqdim etmişdir.
Sonra Ali Məclisin sədri Vasif Talıbov təqdim olunan yeni avtomobillərə baxmışdır. Bildirilmişdir ki, muxtar respublikada istehsal olunan “NAZ-Lifan-320” markalı keyfiyyətli minik avtomobilləri yüksək manevr qabiliyyəti, qənaətcilliyi və rahatlığı ilə seçilir.