İQTİSADİYYAT
Naxçıvanda yeni istehsal müəssisələri yaradılır
Naxçıvan, 21 dekabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında (MR) yerli istehsalın xüsusi çəkisinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Mövcud sənaye müəssisələri yenidən qurulur, yeni istehsal müəssisələri yaradılır, müasir istehsal sahələri şəbəkəsi genişləndirilir.
MR İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ilin ötən dövrü ərzində qarışıq yem, vafli məmulatları, kartof-cipsi, alma sirkəsi, şirniyyat, qazsız mineral su, balın emalı və qablaşdırılması, kirəmit şəkilli dam örtüyü, inkubator sexi, plastik məişət əşyaları, sement istehsalı və digər bu kimi sahələrin genişləndirilməsi istiqamətində işlər başa çatdırılmışdır.
Hazırda güzgü istehsalı və şüşə üzərində dekorasiya işləri, penoplast lövhələrin, nəşriyyat-mətbəə, kvas, keks, quşçuluq təsərrüfatı, ətin konservləşdirilməsi, pendir məhsulları istehsalı, konserv taraları, kimyəvi quru təmizləmə xidməti, meyvə-tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbar sahələrinin yaradılması davam etdirilir.
Cari ilin 11 ayında istehsala başlamış müəssisələr hesabına 505 yeni iş yeri açılmış, tikilməkdə olan müəssisələrdə isə 396 yeni iş yerinin açılması gözlənilir.