Nazir: Əhalinin artımı kənd təsərrüfatında yeni yanaşmaların tətbiqini zəruri edir
Bakı, 25 sentyabr, AZƏRTAC
Müasir dövrdə kənd təsərrüfatı artıq yalnız torpaq, su və ənənəvi istehsal amilləri ilə məhdudlaşan sahə deyil. Müasir kənd təsərrüfatı texnologiya, elm, məlumat, maliyyə və səmərəli idarəetmənin qovuşduğu, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan iqtisadi fəaliyyət sahəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun “Aqrobiznesdə innovasiyalar və texnoloji inkişaf” panelində çıxışı zamanı deyib.
Nazir bildirib ki, qlobal iqlim dəyişiklikləri, təbii ehtiyatlara artan təzyiq, təchizat zəncirlərində baş verən dəyişikliklər və əhalinin artımı kənd təsərrüfatında yeni yanaşmaların tətbiqini zəruri edir.
“Əsas hədəf sadəcə daha çox istehsal etmək deyil, mövcud resurslardan daha səmərəli istifadə etməklə daha məhsuldar, dayanıqlı və yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sistemi qurmaqdır. Azərbaycan kənd təsərrüfatı sektorunun inkişafına məhz bu prizmadan yanaşır. Son 10 ildə kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8 faiz, balıqçılıq məhsullarının istehsalı isə 2,7 dəfə artıb. Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünütəminetmə səviyyəsinə çatıb və beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirib. Hazırda ölkəmiz fındıq, xurma, şaftalı və nektarin, çiyələk, albalı, pomidor və pambıq mahlıcı kimi məhsulların aparıcı istehsalçıları və ixracatçıları sırasındadır. Son illərdə kənd təsərrüfatının müasirləşdirilməsi, fermerlərin müasir texnologiyalara çıxışının genişləndirilməsi və dəyər zəncirinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb”, - deyə nazir vurğulayıb.