ELM VƏ TƏHSİL
NDU–da təhsil alan koreyalı tələbələr milli bayramlarını qeyd etmişlər
Bakı, 26 yanvar (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alan Cənubi koreyalı tələbələr milli - Sollal bayramını qeyd etmişlər.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, rektor, akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən bayram tədbirində, həmçinin universitetin Nigeriyadan, Banqladeşdən, İran İslam Respublikasından, Qazaxıstandan, Türkiyə Respublikasından tələbələr də iştirak etmişlər.
Rektor tələbələri bayram münasibətilə təbrik edərək Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq Milli Universitetləri ilə sıx əməkdaşlıqdan, KOİCA (qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirir) dövlət agentliyi ilə müqavilə çərçivəsində elektron təhsil sahəsində həyata keçiriləcək layihələrdən danışmışdır. Rektor koreyalı tələbələrin universitet həyatındakı fəal iştirakını xüsusi vurğulamışdır.
Beynəlxalq münasibətlər ixtisası üzrə I kurs magistrantı Yanq Miyunqca bayram haqqında ətraflı məlumat vermişdir.
Vurğulanmışdır ki, Yeni ildən sonra ay təqvimi üzrə növbəti Yeni ilin gəlişinin carçısı - Sollal bayramı Koreya xalqının ən sevimli və əhəmiyyətli bayramlarındandır. Bu bayram tətilləri zamanı hər kəs ənənəvi Koreya tamaşa və milli oyunlarını izləmək, Koreya mədəniyyəti, adətləri haqqında məlumat toplamaq və asudə vaxtını mənalı, şən keçirmək imkanı qazanmış olur. Bayram tətili müddətində paytaxt Seulda rəngarəng mərasimlər keçirilir.
Tədbirdə koreyalı tələbənin ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri səslənmişdir.
Koreyalı tələbələrə universitet rəhbərliyi tərəfindən simvolik hədiyyələr təqdim edilmişdir.