İQTİSADİYYAT
“Neft Daşları” yatağı üçün yeni platforma layihələndirilir
Bakı, 3 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində ARDNŞ qarşısında qoyulmuş başlıca vəzifələrdən biri də neft və qaz hasilatının artırılması məqsədi ilə işlənmədə olan yataqların istismarının intensivləşdirilməsi, yeni quyuların qazılmasıdır. Bu cəhətdən “Neft Daşları” yatağında neft və qaz hasilatında artıma nail olmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni platformaların inşasına xüsusi önəm verilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yataqda yeni stasionar dəniz özülünün inşası nəzərdə tutulmuşdur. Şirkətin “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neftqazelmitədqiqatlayihə” İnstitutu 2011-ci ilin üçüncü rübündən yeni özülün layihələndirmə işlərinə başlamışdır. Dənizin 25 metr dərinliyində quraşdırılması nəzərdə tutulan 12 quyuluq 2150 nömrəli bu özül 36 nəfərlik yaşayış bloku, vertolyot meydançası və digər zəruri avadanlıqla təchiz olunacaqdır.
Layihələndirmə işləri 2012-ci ilin ikinci rübündə başa çatdırılacaq, ilin ikinci yarısından isə özülün inşasına başlanılacaqdır.