ELM VƏ TƏHSİL
“Neft-Kimya Prosesləri İnstitutunun alimləri, bioqrafik portret, elmə və təhsilə töhfələr” kitabı çapdan çıxıb
Bakı, 4 noyabr, AZƏRTAC
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyinin keçirilməsi planına uyğun olaraq “Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabı nəşrə texnika üzrə elmlər doktoru, professor Leylufər Əliyeva hazırlayıb.
Nəşrə NKPİ-də işləmiş və hazırda işləyən elmlər doktorları, professorlar haqqında bioqrafik məlumatlar daxil edilib. Ümumilikdə kitabda 44 elmlər doktoru və professor, 41 elmlər doktorunun bioqrafik məlumatları yer alıb.
Kitab yuxarı sinif şagirdləri, bakalavr və magistr pillələrinin tələbələri, doktorantlar, geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir.