MƏDƏNİYYƏT
Neftçala və Salyan məktəbliləri Gəncədə mehribanlıqla qarşılandılar
AZƏRTAC xəbər verir ki, şagirdlər ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış Zəfər tağının qarşısında mehribanlıqla qarşılandılar. Məlumat verildi ki, bu tikili Azərbaycanın uğurlarının simvolu kimi inşa edilib.
Gəncə ilə ilk tanışlıq möhtəşəm Heydər Əliyev Mərkəzində davam etdirildi. Bildirildi ki, dörd mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Burada fəaliyyət göstərən Heydər Əliyev muzeyi Ulu Öndərin zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirir. Muzeydə dahi şəxsiyyətin uşaqlıq və gənclik illəri ilə yanaşı, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, muzeydə ümummilli lider Heydər Əliyevin Gəncəyə səfərləri də öz əksini tapıb.
Mərkəzlə yaxından tanış olan məktəblilər burada xatirə şəkli çəkdirdikdən sonra Heydər Əliyev parkının ərazisini gəzdilər.
Gəncə ilə ilk tanışlıqdan zövq alan Neftçala şagirdlərindən ibarət qrupun rəhbəri, “Atlas travel” turizm şirkətinin nümayəndəsi Zamiq Əliyev dedi: “Gəncə bölgəsinə səyahət şagirdləri hədsiz dərəcədə sevindirir. Aksiya çərçivəsində məktəblilər bölgənin tarix-diyarşünaslıq muzeylərini, maddi-mədəni abidələrini ziyarət edəcək, ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülən işlərlə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Avqustun 29-da Neftçala və Salyan məktəbliləri Gəncə ilə tanışlığı davam etdirəcəklər.