REGİONLAR
Neftçalada ümumi məhsul istehsalının həcmi 6,5 faiz artıb
![Neftçalada ümumi məhsul istehsalının həcmi 6,5 faiz artıb](/files/2022/2/1200x630/16524249852481313722_1200x630.jpg)
Neftçala, 13 may, Aydın Yavərzadə, AZƏRTAC
Yanvar-mart aylarında Neftçala rayonunun iqtisadiyyatında istehsal olunmuş ümumi məhsulun həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz və ya faktiki qiymətlərlə 3 milyon 847,4 min manat artaraq 62 milyon 619,1 min manat olub.
Neftçala rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 65,1 faiz, xidmət sahələrinin payı isə 34,9 faiz səviyyəsində olub. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə istehsal sahəsində 1,1 faiz, xidmət sahəsində isə 18,5 faiz artım qeydə alınıb. Cari ilin əvvəlindən əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 699,8 manata bərabər olub və 2021-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çox deməkdir.
Bu dövrdə sənayedə 20 milyon 297,1 min manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 18 milyon 414,1 manatlıq, tikintidə 2 milyon 61,1 min manatlıq, nəqliyyat və anbar təsərrüfatında 624,2 min manatlıq, informasiya və rabitədə 330,2 min manatlıq və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 20 milyon 892,4 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.