MƏDƏNİYYƏT
Neftçalada yeni ailə quran gənclər nikah aktını Heydər Əliyev Mərkəzində imzalayıblar
Neftçala, 8 avqust (AZƏRTAC). Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, yeni ailə quran Tofiq və Günay Bayramovlar öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açılıb, yeni ailə quran cütlüyə xoş arzular çatdırılıb.
Sonra Mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər bəylə gəlini həyatlarında baş verən ən əlamətdar və unudulmaz hadisə münasibətilə təbrik edib, onlara ailə səadəti arzulayıblar.
Bildirilib ki, Ulu Öndər həmişə ailəni dövlətin vacib elementi hesab edib və ona görə də bu sahəyə qayğı ilə yanaşıb. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də gənc ailələrə daim böyük önəm verir və ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir.
Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasimini Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda yeni ailə quranlara rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.